(11.4.1908, Şamaxı – 3.5.1985, Moskva) – Azərbaycan geoloqu. Geologiya-mineralogiya e.d. (1957), professor (1957), Azərbaycan SSR EA akademiki (1950). SSRİ-nin fəxri neftçisi. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) direktoru (1939-41), Azərbaycan SSR EA prezidenti (1950-58), Azərbaycan Dövlət Universitetində paleontologiya, tarixi geologiya və SSRİ geologiyası kafedrasının müdiri (1951-58) olmuşdur. 1958 ildən SSRİ EA və SSRİ Neftçıxarma Sənayesi Nazirliyi yanında Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutunun (Moskva) direktor müavini və həmin institutda neftli-qazlı əyalətlərin biostratiqrafiyası laboratoriyasının təşkilatçısı və rəhbəridir. 1951 ildə Azərbaycan SSR EA İ. M. Qubkin ad. Geologiya İnstitutunda Mezozoy dövrünün paleontologiya və biostratiqrafiyası laboratoriyasını təşkil etmişdir. Kiçik Qafqazın və Böyük Qafqazın Tabaşir çöküntülərini, SSRİ-nin cənub rayonlarındakı neftli-qazlı sahələrdə Yura və Tabaşir çöküntülərinin stratiqrafiyasını öyrənmiş, onun nəticələri əsasında isə Manqışlaq, Orta Asiya (qərb və şərq hissəsi) və Şimali Qafqazın Mezozoy çöküntülərinin dəqiq stratiqrafik bölgüsü verilmişdir. 1967-71 illərdə Әlcəzairdə sovet mütəxəssisləri tərəfindən aparılmış geoloji-kəşfiyyat işlərinə başçılıq etmiş və onun rəhbərliyi ilə yeni neft-qaz yataqları aşkar olunmuşdur. “Azərbaycanın geologiyası” (rus dilində) adlı çoxcildli əsərin müəlliflərindəndir. Elmi kadrların hazırlanmasında böyük xidməti var. 20 Beynəlxalq geoloji konqresdə (Meksika, 1956) və başqa xarici konqreslərdə məruzələrlə çıxış etmişdir. SSRİ Ali Sovetinin (2-4 çağırış) deputatı olmuşdur. Lenin ordeni, iki Qırmızı Әmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.176