(1873, Şamaxı – 16.2.1925, Bakı) – alı təhsilli ilk azərbaycanlı memar, rəssam. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı. Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən (1902) sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memar işləmişdir. 1907 ildə Şamaxı şəhərinin baş memarı təyin edilmiş, məhəllələrin düzgün planlaşdırılması və tikilməsinə, zəlzələ zamam (1908) dağılmış Cümə məscidinin yeni layihəsinin hazırlanmasına böyük əmək sərf etmişdir. Layihələrində milli memarlıq ənənələrindən geniş istifadə etmişdir. Onun layihələri əsasında Bakıda Təzəpir (1905-14), Göy məscid (1912-13), Göyçayda məscid (1906), Şamaxıda İmam məscidi (1909), Cümə məscidi (1909-18), “Səadət” məktəbi (1911-12) və s. inşa edilmişdiir. Əhmədbəyov öz yaradıcılığında milli irslə yanaşı Avropa klassisizminə də müraciət etmişdir. Bakıda “Doğum evi” (1910 illər), “Uşaq xəstəxanası” (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu; 1914-16), həmçinin Bakıda və Şamaxıda bir sıra yaşayış evlərinin layihələrini yaratmışdır. Əhmədbəyov Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirmişdir. O, milli memarlıq abidələrinin mühafızəsi ilə əlaqədar 1917 ildə mülki mühəndis Ömər bəy Abuyevlə birgə “İslam incəsənəti abidələrini sevənlər və qoruyanlar cəmiyyəti”ni yaratmış, 1919 ildə isə Şamaxının bərpası üçün “Yeni Şirvan” cəmiyyətini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı vəzifəsində çalışan Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət “Sentrokaspi diktaturası”ndan azad olunması (1918, 15 sentyabr) zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycan Xalq Maarifı Komissarlığının qərarı (1920, 13 noyabr) ilə, ikinci dəfə yanmış, Tağıyev teatrının bərpa və yenidənqurma layihəsini hazırlamaq da Əhmədbəyova tapşırılmışdı.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 329-330