Şamaxı r-nu Ərçiman kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 30 km aralıda, Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1500-1550 m hündürlükdə yerləşir. Əhalisi 585 nəfərdir (2009), 139 təsərrüfatı var. Kənddə feldşer-mama məntəqəsi, klub və kitabxana fəaliyyət göstərir.
19 əsrin ikinci yarısında Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Ərçiman adlı kənd (41 ailə, 378 nəfər əhali) qeydə alınmışdır. Türkmənistan ərazisində də Ərçiman adlı yer vardır.
Bəzi tədqiqatçılara görə, kəndin adı arçan (ardıc bitkisi) və man (ətraf) sözlərinin birləşməsindən yaranaraq yerli tələffüz nəticəsində indiki formasını almışdır. Kənd ətrafı arçan ağacları ilə zəngin olan dağın ətəyində salındığı üçün belə adlandırılmışdır. Toponimik sözlüklərdə Ərçiman variantında olan bu söz 1917 ildə Arçiman şəklində qeydə alınmışdır. Arçilər Qərbi Dağıstanda yaşayan və avarlara yaxın olan etnik qrupdur. Türk dillərində arçi sözü “dağlı” sözünün sinonimidir, man komponenti isə “adam”, “yer, məkan”, “əhatə olunmuş” mənalarını ifadə edir. Arçiman sözü “dağlılar”, yaxud “dağlıların məskunlaşdığı yer” kimi başa düşülməlidir. Türkmənistanda Kopetdağın ətəyində Arçiman adlanan kurort şəhərinin olduğu da məlumdur. 2015 ildə Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə kənd məktəbinin yeni korpusu inşa edilmişdir.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 45
N.Bəndalıyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.31