(24.4.1911, Şamaxı – 23.3.1985, Bakı) – Azərbaycan geoloqu. Geologiya – mineralogiya e.d. (1944), professor (1945), Azərbaycan SSR EA akademiki (1945). SSRİ Dövlət mükafatı laureatı (1943, 1946). SSRİ-nin fəxri neftçisi (1971). Türkmənistan SSR fəxri elm və texnika xadimi (1971). Azərbaycan KP MK katibi (1942-44), Azərbaycan KP MK ikinci katibi (1944), “Azərneft” və “Azərneftkəşfiyyat” birliklərinin rəisi (1946-48), M. Qorki ad. Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan EA faydalı qazıntılar bölməsinin müdiri (1949-54), Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru (1959-77) olmuşdur. 1977 ildən ömrünün sonunadək Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda “Regional geologiya və tektonika” şöbəsinin rəhbəri olmuşdur. 1938-40 və 1954-59 illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) dərs demişdir. Azərbaycan SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü (1976) olmuşdur. Qubkin adına mükafatın laureatıdır (1973). SSRİ Ali Sovetinin (2 çağırış) deputatı olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Әmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.170
“Azərbaycanın geoloq və geofizik alimləri”, “Nafta-Press” nəşriyyatı, 2004, s.126