(10.1.1858, Şamaxı – mart, 1918, Şamaxı) – ictimai-siyasi xadim, iqtisadçı alim, publisist; Birinci Dövlət Dumasının deputatı. Şamaxı məhəllə məktəbində (1864-68), Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə (1868-74), Bakı realnı məktəbində (1874-78) oxumuşdur. Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə bitirmişdir. Təkmilləşmək üçün Avropaya getmiş, bir il Fransa və Almaniyada yaşamış, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirmişdir. Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində işləmişdir (1883-88). Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşarkən, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıtmış, xeyriyyə işləri ilə məşğul olmuşdur. İrana səyahət etmiş, müşahidələri əsasında Z.Marağayinin “İbrahim bəyin səyahətnaməsi” romanına bənzər bir əsər yazmışdır.
1906 ildə Bakı quberniyasından 1-ci Dövlət Dumasına deputat seçilmişdir. Əlizadə iqtisadçı alim kimi “Trudoviklər” partiyasına rəğbət bəsləmiş, müsəlman fraksiyasının üzvü olaraq, qeyri-rus xalqların milli muxtariyyəti ideyasını müdafiə etmişdir. Fevral inqilabından (1917) sonra Şamaxının siyasi həyatında fəal iştirak etmiş, erməni-daşnak dəstələri şəhər əhalisinə vəhşicəsinə divan tutarkən həlak olmuşdur.
Əlizadə erkən yaşlarından siyasi və ədəbi fəaliyyətə başlamış, Həsən bəy Zərdabinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun Petrovski-Razumovski akademiyasında yaratdığı “İmdadiyyə” siyasi dəməyinin üzvü olmuş, “Əkinçi” qəzetində və digər dövri mətbuat orqanlarında məqalələr dərc etdirmişdir. İqtisadiyyat və kənd təsərrüfatına dair əsərləri 1918 il mart soyqırımı zamanı daşnaklar tərəfindən məhv edilmişdir.
Əd.: “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, I cild, Bakı, “Lider Nəşriyyat, 2004, s.360