(28.7.1897, Şamaxı – 1972, Moskva, Bakıda dəfn olunmuşdur) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı realnı məktəbini bitirmişdir (1916). Kiyev Politexnik İnstitutunun inşaatçı-mühəndis şöbəsində təhsil almağa başlamış (1916 ildən), lakin Rusiyada Oktyabr çevrilişi baş verdiyindən təhsilini yarımçıq qoyub, 1918 ildə geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Almaniyanın Berlin Kommersiya İnstitutuna göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti dövründə xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi.Abbas Əliyev təhsilini başa vurduqdan sonra (1925) Azərbaycana qayıtmış, 1928 ilədək burada işləmiş, sonra Moskvaya köçmüşdür. 1938 ildə həbs olunaraq, Bakıya gətirilmiş, 6 aydan sonra həbsdən buraxılmışdır.
Moskvaya qayıdan Abbas Əliyev İkinci dünya müharibəsinin (1939-45) iştirakçısı olmuşdur. 1947 ildə Abbas Əliyev ikinci dəfə həbs olunmuş, 1953 ildə bəraət almışdır.
Azərbaycanın Moskvadakı nümayəndəliyinin göndərişi ilə “Bakı” restoranında inzibatçı, direktor müavini işləmişdir.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, I cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 340-341