Nurzadə Əli Qayıb oğlu (10.1.1948, Ağsu r-nunun Bicov k.) – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2002), dosent. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1972-86 illərdə Sumqayıt Dövlət Dram Teatrının aktyoru (1982-86 illərdə həm də direktoru) olmuşdur. Burada Bəhram, İbad, Rüstəm, Oqtay (“Solğun çiçəklər”, “Almaz”, “Vəfalı Səriyyə”, “Oqtay Eloğlu”, C.Cabbarlı), Cəlal (“Komsomol poeması”, İ.Coşqun), Arbeni (“Maskarad”, Y.Lermontov), Şıxlinski (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Ölüm mələyi (“İlahi komediya”, İ.Ştok), A.B. (“Demoklisin qılıncı”, N.Hikmət), Tərgəldi (“Adamın adamı”, Anar) və s. rollarda çıxış etmişdir.
1986 ildən Azərbaycan Akademik Milli Dram Teatrının aktyorudur. Bu teatrda Nizami Gəncəvi (“Atabəylər”, N.Həsənzadə), Şirzad, Rəhimzadə, Doktor Altay, Səlim Babayev (“Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Tənha iydə ağacı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Nəsimi, Babək, Qara Xaqan (“Fəryad”, “Dar ağacı”, “Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Çapar (“Şah Edip”, Sofokl), Pirqulu, Mustafa (“Aydın”, “Ulduz, yaxud Ədirnə fəthi”, C.Cabbarlı), Mirzə Məhəmməd (“Anamın kitabı”, C.Məmmədquluzadə) və s. aktyorun yaratdığı uğurlu rollardandır.
Müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda çıxış etmişdir. “İşarə dənizdən gözlənilir” və “Cavad xan” filmlərində çəkilmişdir.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Azərbaycan Prezidentinin təqaüdünü almışdır.
Əd.: İ.Rəhimli “3 əsrin 137 ili”, Bakı, “Qapp-Poliqraf”, 2003, s.157