Əli Əkbər Məşədi Rəcəb oğlu (?, Şamaxı ş. – ?) – şair. Əsasən şirniyyat məhsulları bişirməklə ailəsini saxlamışdır. Şeirlərini də “Qənnadi” təxəllüsü ilə yazmış, “Beyt üs-səfa” ədəbi məclisinin üzvü olmuşdur. S.Ə.Şirvani öz təzkirəsində onun haqqında yazır: “…İsmi-şərifləri Əli Əkbər-ibn-Məşədi Rəcəb Şamaxiyyül-əsl. Təxəllüslərin öz sənətlərinə müsəmma etmişdir. Həqiqətül-hal o cənabın kəlami-ruhəfzaləsi öz ruhəfzası kimi lətif və qəzəliyyatı öz peşməği kimi saf və zərif, qasidi öz bəğləvası tək nəhayətdə dilpəsid, tüyuğati öz şərbətləri kimi sudmənd, həcvləri nəqli-məclis və məhafil xəlqdə xoşguvar və əşari-lətifi güləngəbin tək şikəncəbin misal, məzaqi-bəhrində şeir demişdir. Bəndeyi-həqiri çox həcv etmişdir…”
Ver möhlət, ey əcəl, bu gün alma canımı,
Can verməzəm ki, kəsməsə dildar yanımı.
Nəzr eylədim görüm Əsədullah camalını,
Sora fəda edim ona ruhi-rəvanımı.
Axır nəfəsdi, sən mənə rəhm eylə, ey səba,
Soltani-mülk qulluğuna yetir əfqanımı.
Məndən salam eylə, gəl xakipayın öp,
Ərz eylə xidmətində qəmi-dastanımı.
Məndən çü feyzi-mərhəmətin etməsin driğ,
Şeytan firibi almamış əldən imanımı.
Mən mürğ tutdum övci-nihalında aşiyan,
Yandırmasın cəfa oduna aşiyanımı.
Ömrüm baharı tapdı xəzan, bu xəzanda
Taraca verdi sərsəri-dey gülüstanımı.
Qənnadi, durma eylə bəqa mülkünə səfər,
Yarəb, səlamət eyləgilən karvanımı.
Əd.: S.Qəniyev “Beytüs-səfa” ədəbi məclisi”, Bakı, “Elm və təhsil”, 2010, s.105
Əd.: Poetik məclislər (XIX əsr Azərbaycan ədəbi məclisləri nümayəndələrinin yaradıcılığından seçmələr), Bakı, Yazıçı, 1987, s. 164