(6.3.1879, Şamaxı ş. – 2.8.1962, Bakı) – müəllim-pedaqoq, Azərbaycan SSR-in əməkdar müəllimi. İlk təhsilini molla məktəbində almış, burada ərəb, fars dillərini öyrənmişdir. Daha sonra təhsilini S.Ə Şirvaninin yeni üsullu məktəbində davam etdirmiş, fars və rus dillərinə mükəmməl yiyələnmişdir.Qubada, Kürdəmirdə, Basqalda, Balaxanıda (M.Ə. Sabirin məktəbində) və s. məktəblərdə çalışmış, şəriətdən dərs demiş və çətin tərbiyə olunan uşaqlarla işləmişdir. 1918 ildə ermənilərin Şamaxıya hücumundan sonra ailəsi ilə birlikdə Göyçaya köçmüş, burada maarif inspektoru vəzifəsində işləmişdir. Göyçayda yaşadığı dövrdə 12 məktəb açmış və fəaliyyətinə nəzarət etmişdir. Ərəb, fars və rus dillərini mükəmməl bildiyi üçün tərcümələr də etmişdir. Sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) direktoru, əslən şamaxılı Camo Cəbrayılbəylinin təkidi ilə bu müəssisəyə işə dəvət olunmuş, 1946-51 illərdə burada arxiv işini aparmışdır. Azərbaycan Pedaqoji İnstitutunda arxiv müdürü vəzifəsində çalışmışdır. Bakı şəhərində vəfat etmiş və Şamaxıdakı “Yeddi Günbəz” gəbristanlığında dəfn edilmişdir.
Məlumat İ. Əfəndiyevdən alınmışdır.