(26.8.1964, Bakı) – Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1988). 1988-1992 illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 2005 ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
1995 ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmış və 1996 ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis etmişdir.
2002 ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23 (2007), 25 (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynamışdır.
2004 il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2012 il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015 ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etmişdir. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013 il yanvarın 17-də Təşkilat Komitəsi yaradılmış və onun sədri Mehriban Əliyeva təyin olunmuşdur.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004 il mayın 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olmuşdur.
2004 ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013 ildən partiyanın sədr müavinidir.
2005 və 2010 illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilmişdir.
Azərbaycan Respublikasının ən yüksək dövlət mükafatı “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülmüşdür.
www.mehriban-aliyeva.org